Skip to content Skip to sidebar Skip to footer

Ralf Rothmannın “Gənc işıq”romanı haqqında

Alman yazıçısı Ralf Rothmannın “Gənc işıq” romanı avtobioqrafik üslubda yazılıb.

Romanın tərcüməsi son dərəcə uğurludu, roman elə tərcümə olunub hiss edirsən ki, roman necə varsa eləcədə dilimizə çevrilib, ən əsası da yazıçının üslubu tamamilə qorunub saxlanılıb.

Roman qoca bir kişinin yeraltı şaxtada hansısa işi görməsi ilə başlanır, bu epizod pantomim pyesə bənzər məqamlarla zəngindir. Romanın belə başlaması müəllifin qlobalizmi təbliği kimi dəyərləndirmək olar, yəni əgər yer planetində olanlar burada belə xaotik bir formada yaşasa, mövcud iqlimə bu cür laqeyid yanaşılsa bizlər yeraltı dünyada yaşamalı olacayıq.

Romanın bu epizodunda böyük yapon yazıçısı Koba Abenin “Qumluqdakı qadın” romanına bənzərlik tapmaq olar. Romanda əsas obrazın (mətnin müəllifinin) yaşadıqları onun yeniyetməlik dövrünə yaxın bir vaxta aiddir. O əsasən bacısı Sofi ilə, qonşuları Şolts və Broyerlərin ailəsindəki yaşıdları və onun yaşadığı evdə olan yaxınları ilə əlaqəli yaşamlar təsvir edilir, o vaxt yaşadıqlarının mahiyyətini göstərir.

Məncə roman istedadla yazılıbdır. Həm də tərcüməçi romanı elə tərcümə edib ki, müəllifin çatışan və çatışmayan cəhətləri diqqəti tez cəlb edir. Romanda epizoddan epizoda keçid edərkən bəzən bunu uğurlu edə bilmir, səriştəsizlik özünü göstərir. Romanda müəllifin mətni bütöv görmək istəyi adamda rəğbət hissi yaratsa da onun yaşadıqlarına həm o şeylərin içindən, həm də o yaşadıqlarının çölündən baxmağa cəhd etməsi yaxşı nüansdır. Təssüf ki, bu, romanda həmişə uğurlu olmur, epizodlar arasında boşluqlar olur, bu varlığını həm onun yeniyetməlik dövründə olanların təsvir etməsində və Yup babanın timsalında aydınca görünür, yazıçı cəhdləri elə cəhd olaraq qalıq.

Müəllif “Gənc işıq” romanında yer planetinin ilkinliyini, təbii yaşam tərzini təsvir etməklə saflığı, müdrüklüyü çox parlaq formada göstərməyə çalışır. İlkinliyin, təbiliyin indi yaşadığımız dünyada çox böyük məna daşıdığını oxuculara aşılamağı vacib bilir, bu prosesin bəşər övladının yaşamında əsas məqam olduğunu önə çəkir.

Romanda obrazların yaşam tərzinə, onların həyatına qətiyyən müdaxilə edilmir, hər bir şey oxucunun görməsinə hesablanır, bunu da yaxşı bacarır. Romanı ciddi ədəbiyyat nümunəsi hesab etmək olar. Çağdaş Alman ədəbiyyatı ilə tanış olmaqdan ötrü “Gənc işıq” əvəzedilməz bir əsərdir.

İbrahim İbrahimli                       

Paylaşın: