Skip to content Skip to sidebar Skip to footer

Külək gülü: Redaktorun qeydləri

Külək gülü nəhayət ki, çap olundu. Azərbaycan ədəbiyyatında vacib yer tutan mətnlərdən birinə çevriləcək bu romanın redaktoru kimi geridə qalmış beş ili xatırlayaraq bəzi düşüncələrimi gələcək oxucularımızla bölüşmək istəyirəm. Daha ətraflı sonra yazacam, şübhəm yoxdur ki, biz bu roman haqda hələ çox danışacağıq.

Orxanın keçmişdə başlayıb yarımçıq saxladığı, bitirdikdən sonra bəyənməyib çap etdirməkdən imtina etdiyi romanlardan xəbərdar biri kimi etiraf edim ki, Külək gülünün heç vaxt bitməyəcəyini, ya da bitirildikdən sonra dolaba yollanacağını düşünürdüm.

Bəzən mükəmməllik sevdası gördüyün işi durmadan özünütəkrarlayan prosesə çevirir. Xoşbəxtlikdən "Külək gülü"nün taleyi belə olmadı.

Bu roman ilk baxışdan sadə görünən axtarışla başlayıb keçmişdə baş vermiş faciənin üstünün açıldığı hekayədir. Bu bir optikadır. Başqa bir perspektivdən Külək gülü Fərhadın həyatının dolaşıq iplərini açmağa cəhd edərkən oxucunu Bakının yağışın dayanmadığı, səksəkəli küçələrində, öz narahat xatirələrinin dolanbaclarında, başqa insanların boxça kimi açılan hekayələrində dolaşdırdığı romandır.

Külək gülünü ən yaxşı izah edən söz labirintdir. Oxucu romanın bir bölümündən digərinə keçdikcə özündən xəbərsiz ucu-bucağı görünməyən labirintin içinə düşür. Bu fikrin romanın bir çox oxucusunun ağlına gələcəyinə əminəm. Ən diqqətli oxucular nə üçün bu labirint-romanın heç bir yerində müəllifin bir dəfə də olsun labirint sözündən istifadə etmədiyini soruşa bilər. Bu haqda mən də düşünmüşəm, soruşmuşam.

Müəllifin öz romanını şərh etmək hüququnu qəbul etməyən Orxan isə sualıma cavab verməyib.

Belə olan halda bizə qalan ancaq öz ehtimallarımızı irəli sürməkdir: görünür, labirintin içində labirint sözünü dilə gətirmək olmaz. Bu istər-istəməz mənə qədim inanclardan birini xatırladır: adını çəkdiyini çağırmış olacaqsan, odur ki, şəri dilə gətirmə. Orxan Əyyub isə personajlarının dilinə nəinki şəri, hətta ən gizli, qorxulu, absurd, mümkünsüz fikirləri də gətirir, onların vasitəsilə öz oxucusunu bu hiyləgər labirintdə daha da azdırmağa çalışır. Oxu qatlarının birincisində – ən üst qatda Fərhad dostu və müəllimi Nizamini axtarır, amma bu axtarış nəinki A nöqtəsindən B nöqtəsinə gedən sadə və düz yol deyil, hətta yolun ortasında Görəsən, son mənzil B nöqtəsidir? deyə içində şübhə yaranır. Oxucu hər qarşılaşdığı personajın hekayəsində azır, hər belə hekayə dalana çevrilir, oradan geriyə əsas hekayəyə yolunu axtarmalı olur.

Külək gülü sintaksis baxımından oxucudan diqqət tələb edən romandır. Orxan maksimal detallı təsvirə nail olmaq üçün Azərbaycan dilində əsas cümlə üzvlərinin bir- birindən sonsuz uzaqlaşa bilmək imkanından istifadə edir. Nəticədə bəzən sətiryarımlıq cümlə belə öz məlumat sıxlığı ilə təəccübləndirir. Bu həm də romanın oxucunu bitməyən hekayələrin, dolanbac küçələrin içində azdırmaq cəhdinin dil səviyyəsində icrasıdır. Bu romana fraktallıq qatır. Kiçik vahidlər ideyaca özündən böyük vahidlərə, onlar da romanın özünə oxşayır.

Külək gülündə bir-birindən uzaq olan hadisələr və düşüncələr qədim Azərbaycan tətbiqi sənəti olan quramadakı rəng, naxış, fakturaca bir-birindən fərqlənən parçalar kimi bir araya gəlib sirli və qəribə mənzərə yaradır. Burada həm gündəlik həyatımız, həm yaxın və uzaq tariximiz var, həm də çayxanalarda, məclislərdə, təsadüfi görüşlərdə səslənən sayıqlamalar, konspiroloji fikirlər, ən sadə məntiqin inkar etdiyi düşüncələr, ehtimallar. Orxan Əyyub detektivdən sevgi romanına, ailə dramından alternativ tarixə qədər bir çox janrı bir-birinə hörməklə kifayətlənmir, öz Min bir gecə nağıllarında dünyanın mərkəzinə çevirdiyi Bakının sakinlərinin dilindən həyatla bağlı hər qəbildən fikri də bir-birinə qatır. Bu romanda Dante, yaxud Nizami Gəncəvinin poemaları televizordan səslənən populyar musiqilərlə, gerçək tarixi hadisələr yuxularla, yuxulardan daha real olmayan uydurma tarixlə, onlarla gerçək mətn və müəllif Orxan Əyyubun uydurduğu başqa mətnlərlə və müəlliflərlə dialoq içindədir. Tarix ironiyaya çevrilir, kədərli söhbətlərin ortasında absurd peyda olur, dastandan çıxıb gəlmiş əfsanəvi Qırat dönüb olur Bakı sirkinin Qırat ləqəbli ağ atı, sevgisi üçün dağları yaran Fərhad isə keçmiş həyat yoldaşının qarşısına çıxmaqdan çəkinən, cəsarəti ancaq ona zəng etməyə çatan Fərhad Əşrəfov.

Qısaca, Külək gülü həm gündəlik qayğılardan qaçıb ustalıqla uydurulmuş hekayələrin içində itmək istəyənlərin, həm də çoxqatlı təhkiyənin içində öz axtarışına çıxmağa hazır olanların romanıdır.

Nərmin Mirzəyeva

Paylaşın: