Ötən ay yazıçı Cavid Ramazanovun ikinci kitabı və ilk romanı çap olundu. “Amanabənd” çıxan kimi dərhal oxucuların diqqətini cəlb etdi və çoxlu müsbət rəylər aldı. Müəlliflə romanın yazılma prosesi və ədəbiyyat məsələlələri barədə söhbətləşmişik. Müsahibəni təqdim edirik.
Cavid bəy, yeni kitabınızın nəşri münasibətiylə sizi təbrik edirəm. Nə üçün roman janrına müraciət etdiniz, bu mövzudan qaynaqlanırdı, yoxsa hal-hazırda dəbdə olan roman yazmaq yarışına qoşulmaq istəmisiniz? Ümumən roman janrı haqqında düşüncəniz nədir və Azərbaycan kontekstində bu nə ifadə edir?
Təbrik üçün təşəkkürlər.
Sinif otağında darıxdırıcı bir dərsi təsəvvür edin. Mövzu maraqsızdır. Tələbələrin çoxu mürgüləyir. Birdən müəllim texniki mövzunu kənara qoyub hekayə danışmağa başlayır. Mürgüləyən tələbələr silkinib başlarını qaldırır, qulaqlarını hekayəyə şəkləyirlər. Otaqdakı əhval-ruhiyyə tamam dəyişir. Hekayənin sonunda sinifdən gülüş sədaları da gələ bilər, heyrət nidaları da.
Nərmin Kamal müsahibələrinin birində dərs dediyi vaxt sinfi ələ almaq üçün bu metoddan istifadə etdiyini demişdi. Düz deyir, hekayənin belə ovsunlayıcı təsir gücü var. Bu gücdən agah olanlar hekayə danışmaqdan heç vaxt əl çəkmirlər. Yaxşı hekayə ilə sən insanları ovsunlayıb hara desən, apara bilərsən.
Əcdadlarımızın təfəkkürünün, təsəvvürünün inkişafında hekayəçiliyin böyük rolu olub. Cəmiyyətlər təkmilləşdikcə, danışdıqları hekayələr də, onların nəql formaları da primitivlikdən kamilliyə doğru dəyişib. İndi roman dediyimiz janr son təkmil formadır. Roman oxucusu mətndə təkcə yaxşı hekayə axtarmır, həm də üslubun gözəlliyindən, təxəyyülün dərinliyindən, intellektin gücündən, təsvirlərdən, hisslərdən vəcdə gəlmək istəyir. Şeir, poema, qısa hekayə və ya oçerkdən fərqli olaraq, romanın imkanları böyükdür. Ona görə də bu janra müraciət təəccüblü sayılmamalıdır.
Dəbə uyub roman yazmaq özünü aldatmaq olardı. Mən çalışıram, ürəyimlə və beynimlə səmimi bağlar qurum. Yazıramsa, ilk növbədə özüm üçün yazır, əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. “Xaltura” edən özünü aldadan kəsdir. Bu kitabda bir qırıq da olsun “xaltura” yoxdur, məncə, onun ən vacib məziyyətlərindən də biri budur.
Ümumiyyətlə, insanın deməyə sözü varsa, hansı janrda özünü rahat hiss edirsə, deyəcək. Bundan əvvəl qısa hekayələr kitabım çıxmışdı. O vaxt özümü qısa hekayələrdə ifadə etmək ehtiyacı hiss eləmişəm, indi isə romanda. Çoxları kimi uşaqlığımda şeir də yazmışam. Sonda bu qərara gəldim ki, ən yaxşı özümü romanda ifadə edirəm.
Azərbaycan romançılığı barədə danışası olsaq, bizdə təəssüf, hələ ənənə yoxdur. İldə ələ gələsi heç üç roman çıxmır. Belə olan halda nə yarış?.. Bayaq dedim, roman insanın özünü ifadə etməsi üçün ən təkmil formalardan biridir, bəlkə də birincisi. Sən həm sənətkar, həm intellektual keyfiyyətlərini, həm də mənəvi və fiziki bacarıqlarını (minlərlə gün ərzində “iynəylə yer qazmaq” iradə və əmək tələb edir) nümayiş etdirirsən. Roman fərdi fəaliyyət növüdür. Sən təkbaşına bütöv bir aləm yaradırsan. Yaxşı romanları ancaq güclü fərdlər yarada bilər. Bizdə hələ belə fərdlər barmaqla sayılacaq qədərdir. Ancaq inanıram ki, haçansa yaxşı müəlliflər ortaya çıxacaq. Vaxt məsələsidir.
“Amanabənd”in konsepsiyası nədir? Əsər hansı ehtiyacdan yaranıb və nə üçün məhz “Sovetski” mövzusu?
Amanabənd – o yan, bu yanlığı, var olmaq və olmamaq arasındakı incə xətti ifadə edir. İlyasın sevgisi amanabənddir, sevgilisiylə arasındakı bağ istənilən an qırıla bilər. “Sovetski” məkan olaraq amanabənddir, hər an yer üzündən silinə bilər. Digər qəhrəmanlar da amanabənd həyatlar yaşayır, incə xətt üzərində yaşamağın ağrılarını çəkirlər. Nə bu günə inam var, nə də gələcəyə güman. Hər şey müvəqqəti, ipdən asılı, o yan, bu yanlıqdır.
“Amanabənd” – münasibətlərdəki, insanla məkan, indiylə keçmiş arasındakı kövrək bağların hekayəsidir. Bu, məncə, bizlərə çox tanış hissdir. Qəhrəmanlar da, onların duyğuları da reallığımıza uyğundur.
Mən romanla günümüzə işıq tutmaq istəmişəm. Bu, özümüzü anlamaq cəhdidir.
“Sovetski”yə qaldıqda, onun romanda boy verməsində mənim şəxsi yaşantımın payı böyükdür. Uşaqlıqda Zaqatalada, babamın yanında, dağların ağuşundakı bir kənddə böyümüşəm. Bütün günü ya ağac başında idim, ya dağda-dərədə, ya da çayda. Dünyadan bixəbər, nağıllar aləmində yaşayırdım.
İş elə gətirdi ki, yeniyetməliyə qədəm qoyan kimi Bakıya gəldim, valideynlərim və bacılarımla birgə “Kubinka”da yaşamağa başladım. Gözlərimi gerçək dünyaya burada açdım. Hər gün səhər yuxudan durur, Sovetskinin küçələriylə məktəbə gedirdim. Ətraf mənim üçün anlaşılmazdı, nə təbiət eyni idi, nə insanlar, nə də münasibətlər. Çaşmışdım. Bir müddət sonra atam məni yenə babamın yanına qayıtmağı təklif etdi. Razılaşmadım. Bu dünyanı anlamalı, ona öyrəşməli, baş çıxarmalıydım. Məkan olaraq “Sovetski”yə müraciət etməyim bəlkə də həmin dərk etmək cəhdinin bir parçasıdır. Romanda “Sovetski” söküntüləri geniş siyasi konteksdə işlənməyib. İlyasın da “Sovetski”nin sökülməsiylə bağlı hansısa ictimai-siyasi fikri yoxdur. O, özünü ömrü boyu burada yad kimi hiss edib, ancaq yenə də ürəyinə işləmiş bir məkan duyğusu var. Nədir bu məkan duyğusu?
Romanı qurtarandan sonra bir hadisəyə şahid oldum. Bir tanış qadın yaşadığı mənzildən narazıydı, hündürmərtəbəli binadakı mənzil darısqal, narahat, yöndəmsizdi. O, ömrü boyu buradan həyət evinə köçməyi arzulamışdı. Hardasa 40 ildən sonra arzusuna çatdı. Mənzili nəhayət, yaxşı qiymətə gəlib aldılar, o da özünə həyət-bacalı, geniş, səfalı bir ev tapdı. Amma qadın mənzildən çıxanda hönkür-hönkür ağlayır, əllərini nisgillə divarlara sürtürdü. Hamı təəccüblənmişdi. Deyirdilər, sən ömrü boyu bunu arzulamısan axı, indi nə oldu? Qadın cavab verə bilmir, elə hey hönkürürdü…
Dünyada elə şeylər var, cavabı yoxdur, onu ancaq hiss edə bilərsən. Bayaq dediyim kimi, İlyas “Sovetski”ni heç vaxt sevməyib, özünü burada daim yad hiss edib, amma ürəyinə işləmiş bir məkan duyğusu var. Onun hekayəsi həm də bu duyğunu tutmaq cəhdidir…
“Sovetski” mövzusunun yazılması sırf təsadüf nəticəsində yarandı. Bəlkə də onu mən roman yazım deyə sökdülər (gülür)… Aktiv yazı prosesində Statistika dairəsində yaşayırdım. Tez-tez Mərkəzi Parkda gəzintiyə çıxırdım. Gəzdiyim qazonun altında bir vaxtlar bütöv bir dünyanın mövcud olması gerçəyi mənə qəribə bir ilham verirdi.
Bəs bu konteksdə roman yazmaq ideyası necə ortaya çıxdı?
Yazdıqca. Mən əvvəldən düşünüb-daşınıb yazmamışam, dəqiq planım olmayıb yəni. Romana başlayanda ağlımda sadəcə bir fikir vardı. Gözəl bir qız pilləkənlərlə yuxarı qalxır, yeniyetmə oğlan aşağıdan ona baxır. Vəssalam. Roman bu qığılcımdan yaranıb.
Plansız yazmağın bəzi mənfi və müsbət cəhətləri var. Mənfi cəhəti odur ki, qədərindən artıq eksperiment aparırsan.Yazdığını hədsiz çox silməli olursan. Mən hardasa yazdıqlarımın 40 faizini ixtisar eləmişəm. Elə gözəl pasajlar olub, çox o yana, bu yana hərləmişəm, amma mətnə oturmadıqlarından ürəyim ağrıya-ağrıya ixtisar etmişəm. Bunlar çox kədərli məqamlar idi. Dilxorçuluqdan günlərlə özümə gələ bilmirdim.
Müsbət tərəflərə qaldıqda, ən birincisi, yaratdıqlarının spontan formada şəkillənməsidir. Sənin özün üçün də maraqlıdır, bu qəhrəmanın taleyi necə olacaq? İlyas, Şəhla, Vəfa bu situasiyada necə davranacaqlar? Yavaş-yavaş qurduğun bu dünya hara gedir?
Sonda romana nöqtəni qoyanda qəhrəmanlar ətə-qana bürünmüş, dünya şəkillənmiş və onun konsepsiyası oturuşmuşdu. Öz-özünə. Təxəyyülüm, təhtəlşüurum gətirib məni bura çıxarmışdı. Mənim üçün böyük sürpriz idi. Tamamilə anlaqsız olduğumu demirəm. Mən “rewtriting”ə, yəni qaralama mətnə qayıdıb üzərində işləməyə dəfələrlə artıq enerji və vaxt xərcləmişəm. Amma burada quru şüurdan başqa qüvvələr daha çox iştirak edib. Elə bil ovsunlanmışdım, hər şey tədricən, öz-özünə baş verir, amma konkret bir konsepsiyaya doğru gedirdi. Deyə bilərəm ki, “Amanabənd” – ovsunla yaranmış romandır.
Kitab yeni çapdan çıxıb, əks-sədalar sizi yeni əsərlər yazmağa sövq edirmi?
Əks-səda gözlədiyimdən də çox oldu. Hər gün təbrik, tərif mesajları alıram. İnsanlar maraqlanırlar, xaricdən çoxlu müraciətlər var. Amma kitabı nə mağazalarda tapa, nə də onlayn sifariş verə bilirlər. Əksər mağazaların xəbəri yoxdur. Bir “Əli və Nino”dan zəng edib istədilər. Qalan çoxu xəbərsizdir, maraqlı deyil. Bu sahədə vəziyyət doğrudan da çox pisdir. Gərək qollarını çırmalayıb hər şeyi özün edəsən, reklamı da, paylaşdırmanı da, bu isə adamı çox yorur.
Amma ümumən çapdan sonrakı reaksiyalardan məmnunam. Hər dəfə kitab yazandan sonra insan bir boşluğa düşür. Özünə sual verirsən, bu qədər vaxt sərf etməyə, əziyyətə dəyərdimi? Təqdir görəndə isə, əlbəttə, həvəslənirsən. Artıq növbəti romanın qeydlərini tutmağa başlamışam.
“Amanabənd” sakit tonlarda yazılmış bir romandır. Kəskin effektlər, dramatik üslub bu əsərdə nəzərə çarpmır. Bu sizin üslubunuzdurmu? Və nə üçün bu tərzi seçmisiniz?
Mən pafosu, süni dramatizmi sevmirəm, xüsusi effektləri də. Sizin dediyiniz sakit tonlarda oxucunu mətnə pərçimləmək daha çətin işdir. Kitabı oxuyan əksəriyyət onun oxunaqlılığına diqqət çəkir və mən bunu uğur kimi qiymətləndirirəm.
Həqiqi şeylərdə pafos, süni dramatizm, xüsusi effektlər olmur. Mən bu şeylərin həvəskarları üçün yazmıram.
Bir şeyi də qeyd edim. Bu romanda xeyli müasir ədəbi priyomlardan istifadə etmişəm. Fleşbeklər içrə fleşbeklər, vizuallıq (bəziləri deyir kitabı oxuyanda elə bil, kinoya baxıram, bu, elə-belə baş verməyib), əsas sujet xəttinə paralel inkişaf edən sub-sujet xətləri, şüur axını, detalçılıq. Bir nəfər ədəbiyyat xridarı mənə dedi ki, sən necəsə, əsas qəhramanı özündən ayıra bilmisən, onda müəllifi görmürəm. Romandakı qəhrəmanlar, onların hiss və davranışlarını ifadə etmək tərzi məncə, Azərbaycan ədəbiyyatında yenilikdir. Bunların hamısı ölçü-biçiylə yaradılıb.
Bizdə roman barədə müzakirələr əsasən, dil üzərindən gedir. Əsasən diletantlıqdan irəli gələn bir dil fetişizmi var. Çünki dil barədə danışmaq asandır. Hər kəs dil haqqında nəsə deyə bilər, hər kəsin zövqə görə mənfi və ya müsbət fikri ola bilər. Başqa şeyləri görməyi bacarmaq üçünsə əlavə biliklər lazımdır.
Bunu özümü müdafiə üçün demirəm. Romanın dilindən narazı deyiləm, əksinə. Sadəcə roman haqqında dildən başqa şeylər də eşitmək istərdim. Ən azı öyrənmək xatirinə.
İmza günündə söylədiniz, roman üç il müddətinə yazılıb, nə üçün bu qədər uzun müddətə. Ümumən yazı prosesi necə gedib? Bu məsələdə məsləhətiniz nə ola bilər?
Yerli standartlarda üç il uzundur bəlkə, amma normalda bu, uzun müddət deyil. Yazı elə şeydir ki, həmişə əziyyət çəkmək məcburiyyətindəsən. Mətn yaradıcılığında improvizasiya alınmır. Robert de Nironun yaşlı vaxtına aid bir müsahibəsini oxumuşdum, deyir, mən artıq improvizasiya edirəm, bir rolu oynamaq lazımdırsa, gəlir, rolumu oynayıb gedirəm, təcrübəm improvizasiyaya imkan verir.
Əksər sahələrdə belədir, peşə təcrübəsi improvizasiyaya imkan verir, nəticə də qənaətbəxş olur. Roman yaradıcılığında isə belə deyil. Yaxşı mətn yazmaq üçün gərək həmişə tər tökəsən. Mətndə “xaltura”, çiylik dərhal bilinir. 20 yaşında yaxşı bir paraqraf yazmaq üçün 5 saat sərf edirdinsə, 50-60 yaşında da eyni şeyi etməlisən. İlk baxışda asan görünən mətn yaradıcılığı dünyanın ən çətin işlərindən biridir. Ona görə də vaxt sərf etməyə məcbursan, bu, onun təbiətindədir…
“Amanabənd”in yazılma prosesinə gəldikdə, əsasən, hər gün işə getməzdən əvvəl, səhər 6-da, 7-də durub yazmışam. Kompüterdə. Amma bəzi hissələr dəftərdə yazılıb. Bəzən axşamlar “Sovetski”nin sökülməyən hissələrində gəzir, yeniyetməliyimi xatırlayır, ağlıma bir şey gələndə dərhal yaxınlıqdakı kofeşopa girib yazırdım.
Pandemiya dövründə evdə qalmağın da vaxt baxımından yazı prosesinə müsbət təsiri oldu.
Bu gün Azərbaycanda ədəbi prosesi necə qiymətləndirirsiz? Ədəbi əsərlər yazılır, yaxşı və pis əsərlərin kitab bazarına çıxarıldığı xaotik bir mənzərə var sanki. Lakin ədəbi hadisə sayılacaq əsərlər nədənsə yoxdur. Yaxşı əsərlər var, ancaq bu əsərlər boz axında nəzərə çarpmır. Sizcə bu bozluğun səbəbi nədir və bundan necə qurtulmaq olar?
Müasir ədəbiyyatın yaranması üçün müasir standartlar olmalıdır. Müasir ədəbiyyatın lokomotivi romançılıqdır. O romançılıq ki, fərdi azadlığın, özünü ifadənin, yüksək sənətkarlığın, intellektin rəmzlərindən biridir. Havayıdan avropalıları “roman uşaqları” adlandırmırlar ki.
Milan Kundera sovet quruluşunda yazılan istənilən romanı həqiqi saymır, deyir, azadlıqlar olmayan yerdə həqiqi roman ola bilməz. Roman sifarişlə yazıla, romançı imtiyazla yetişdirilə bilməz. Roman yazmağın ən birinci şərti onu yazanın azadlığıdır. Bir də deyirəm, roman insanın məhdudiyyətsiz özünü ifadəsinin meyvəsidir. Ətrafına qəfəs hörülmüş yazar heç vaxt həqiqi roman yaza bilməz. Çünki romanın təməlində insanın azadlığa can atmaq, mükəmməlləşmək, təxəyyülün hüdudlarını yarıb keçmək iradəsi var.
Bizdə niyə ədəbi proses yoxdur? Çünki yazarların əksəriyyəti azad deyillər, nə maddi, nə mənəvi. Azadlıq yazıçının qanadlarıdır, lələkləri yolunubsa, uça bilməz.
Amma məhdudiyyətlər də bəhanə olmamalıdır. İndi elə dövrdə yaşayırıq ki, imkanlar çoxdur, insan zəhmət çəksə, öz potansialını reallaşdıra bilər. Təki istək və iradə olsun.
Örnək aldığınız, gənclərə məsləhət görəcəyiniz kitablar və yazarlar hansılardı?
Bu suala cavab verməkdə çətinlik çəkirəm. O qədər yaxşı kitab, müəllif var ki. Bu məncə, məsləhətlə olan iş deyil. Əvvəlcə əlinə nə keçdi oxuyur, sonra da əsərlərini oxumaqdan peşman olmayacağın müəllifləri kəşf edirsən. Tutalım, bir müddətdi darıxırsan, tanımadığın müəlliflər və kitablar ürəyini açmır, sıxılırsan. Onda doğma sahillərə qayıdıb sevimli müəlliflərinin kitablarını oxumağa başlayırsan. Bu kitablar ürəyinin istədiyi vaxt özünə hədiyyə edə biləcəyin kiçik sevinclərdir, kiçik, amma doyumlu.
Ədəbi karyeranızın gələcəyini necə görürsüz?
Ədəbiyyat mənim üçün özünü ifadədir. Özümü ifadə etməyə karyera kimi baxmıram. Özümü hər zaman ən yaxşı formada ifadə etməyə çalışacam.
Söhbətləşdi: Samirə