Skip to content Skip to sidebar Skip to footer

Regina Dürig: Mətnin səsi və ritmi mənim üçün çox önəmlidir

İsveçrə ədəbiyyatının ən yeni səsi

“Qadınlar və daşlar” romanının müəllifi Regina Dürig-lə müsahibə.

– “Qadınlar və daşlar” (Women and Stones) əsəri çox spesifik bir atmosferə malikdir. Bu mətni yazarkən sizi ən çox nə ilhamlandırdı və ya hansı daxili ehtiyac sizi belə ağır bir mövzuya yönəltdi?

Bu sualın kitabdakı ilk hekayə olan “Qadınlar və daşlar – Fraqmentlər”ə, yoxsa bütövlükdə kitaba aid olduğundan əmin deyiləm. İlk hekayəni yazarkən qadın heykəltəraşlarla apardığım müsahibələrdən, eləcə də kitab üçün araşdırma apararkən qatıldığım heykəltəraşlıq emalatxanasından ilhamlanmışam. Əgər sual bütün kitaba aiddirsə, qeyd etmək lazımdır ki, roman uzun bir zaman kəsiyində yazılıb. Məsələn, Alisa Kober mətni demək olar ki, yeddi ilimi aldı, ona görə də tək bir ilham mənbəyi haqqında danışsam yalan olar. Daha çox elə hiss olunurdu ki, sanki dünyanı “daş” motivi süzgəcindən keçirərək gəzirəm. 2022-ci ildə mən İsveçrə dağlarında hər gün bir saat dağlara baxmağı nəzərdə tutan bir layihə üzərində bir ay vaxt keçirdim. Son dövrlərə aid mətnlərin çoxu orada yarandı. Ümumiyyətlə, işim həm də feminist enerjidən bəhrələnir. Ora yönəldiyimi deməzdim – mən patriarxiallığın və kapitalizmin ağır mühiti içində doğulmuşam və yazmaq vasitəsilə onları anlamağa və tənqid etməyə çalışıram.

– Kitabın adındakı “Daşlar” simvolu oxucuda müxtəlif duyğular oyadır. Sizin üçün “daş” nəyi təmsil edir: ağırlığı, səssizliyi, yoxsa zamana qarşı dözümlülüyü?

-Yuxarıda qeyd olunan bütün aspektləri təmsil edir, üstəgəl daşlaşma aspektini – insanlara yüklənən bəzi rol gözləntiləri, onlardan tələb olunan öhdəliklər o qədər sərtdir ki, onlar sosial anlayışdan (o anlayış ki, uzlaşma potensialı var) daha çox bünövrəyə atılmış sal qaya parçasına bənzəyirlər. Daş kifayət qədər sadə və ya aydın bir obyekt olsa da, daşıdığı mənalar baxımından əslində çox ziddiyyətlidir. O, təhlükəsiz sığınacaq da ola bilər, maneəyə də çevrilər və ya bir silah olub sənə qarşı çevrilər, hər şey ola bilər. Daş onunla qarşılıqlı əlaqədə olanların iradəsini (təsir gücünü) vurğulayır.

– Siz klassik təhkiyə formalarından qaçaraq, fraqmental və parçalı bir yazı üslubunu seçmisiniz. Bu üslubun travmaları və ya tənhalığı ifadə etmənin ən yaxşı yolu olduğuna inanırsınızmı?

-Mən həm bir oxucu, həm də bir yazar kimi, insan itkiləri və tənhalıq haqqında hekayələrin “bütöv” (ardıcıl və rəvan) formada nəql olunmasını həmişə ziddiyyətli hesab etmişəm. Əminəm ki, dilin özü də həmişə ayrıca bir hekayə danışır; lakin dil o dərəcədə cilalanır və artıq standart bir hekayəyə bənzəməyə başlayırsa, bu mənim maraq dairəmdən kənarda qalır. Dil bir hakimiyyət vasitəsidir və mənim üçün yazmaq — bu hakimiyyətə meydan oxumaq və ya ən azından onun necə işlədiyini görünən etməkdir. Məsələn, Elen Siksu öz “qadın yazısı” konsepsiyasını təsvir edərkən yazıdakı “hərəkət” obrazını seçir, mən isə fraqmenti (parçanı) seçirəm. Çünki fraqment həm müəyyən bir hərəkəti (kəsilməni, sıçrayışı), həm də parçalanmışlığı (parçalanmış zamanı, bioqrafiyaları və insan talelərini) özündə birləşdirir. Bundan əlavə, mətnin səsi və ritmi mənim üçün çox önəmlidir; mən onları adətən əsərin atmosferi və personajları ilə rezonans yaradacaq şəkildə qururam. Bu isə təbii olaraq təhkiyə formasının (yazı üslubunun) dəyişməsini zəruri edir.

– Əsərdə sadəcə tək bir qəhrəman deyil, daha çox bir neçə qadının kollektiv səsi eşidilir. Sizcə, coğrafiyadan asılı olmayaraq qadınların “ortaq ağrı dili” varmı?

Mən ümumiyyətlə qadınlar adından, xüsusən də Qərb kontekstindən kənarda danışa bilmərəm, lakin düşünürəm ki, bizim hökmranlıq və ehtiyatsızlıq üzərində qurulmuş dünyamızda bir çox insanın bildiyi bir ağrı dili var. Fərq bəlkə də ağrının necə və kiminlə paylaşıla bilməsindədir?

– Siz bədən sərhədlərinin pozulması mövzusuna toxunursunuz. Belə çətin və bəzən “tabu” sayılan mövzuların ictimai müzakirəyə çıxarılmasında ədəbiyyatın nə dərəcədə güclü alət olduğunu düşünürsünüz?

-Düşünürəm ki, ədəbiyyat bizimkindən çox fərqli təcrübələri bizə yaşatmaq imkanları baxımından çox güclüdür. Özünü başqalarının yerinə qoya bilmək qabiliyyəti, ümid edirəm ki, sosial dəyişikliyə və həqiqi həmrəyliyə aparan ilk addımdır. Mütaliənin özü intim bir aktdır, insan tərəfindən qurulmuş çox şəxsi bir məkandır. Düşünürəm ki, bu, əgər diqqətlə istifadə olunarsa, (özünü) əks etdirməyə – mühakimə etmədən və ya tələsmədən, lakin yüksək empatiya ilə – imkan verən yaxşı bir məkandır.

– Bəzən yazmadıqlarınız — boşluqlar — əslində yazdıqlarınızdan daha çox şey deyir. Oxucunun bu boşluqları öz təxəyyülü və ya təcrübəsi ilə doldurması sizin üçün nə dərəcədə vacibdir?

-Bir oxucu kimi mən boşluqları doldurmağa, özümü bir mətnə qərq etməyə və onu bütün təcrübə və biliklərimlə qarşılamağa meylliyəm. Yazarkən istəyirəm ki, oxucuların öz obrazları olsun, özümünkünü onlara sırımaq istəmirəm. Buna görə də mən bu minimal üslubda yazıram – nə lazımdırsa onu verməyə çalışıram, lakin ondan çoxunu yox. Mən dəbdəbəni (mətnlərdə, eləcə də real həyatda, məsələn, yemək bişirməkdə) xoşlamıram, dürüst və yaxşı şeyləri sevirəm – elə bir şəkildə tərtib olunmuş ki, onlar təəccübləndirə bilsin, əks-səda doğura bilsin.

– Kitabınız artıq Bakıdakı oxucular üçün Azərbaycan dilində mövcuddur. Alman dilinin iti və minimalist ruhunun başqa bir mədəniyyətdə (məsələn, Şərq çalarlı bir dildə) necə rezonans doğuracağını düşünmək sizi həyəcanlandırırmı?

-Bu keçid haqqında daha çox öyrənmək məni çox həyəcanlandırır! Ümid edirəm ki, hansı hissələrin çətin olduğunu və ya yaradıcı həllər tələb etdiyini eşitmək üçün tərcüməçi ilə görüşəcəyəm!

– Aprelin 18-də Bakıda oxucularla görüşəcəksiniz. Azərbaycan auditoriyasından gözləntiləriniz nələrdir? Sizcə, toxunduğunuz mövzular Bakıdakı ictimaiyyətdə necə əks-səda doğuracaq?

-Oxucularla müzakirə apara biləcəyimə, gender rollarının/stereotipik hekayələrin onların gündəlik həyatlarına necə təsir etdiyini öyrənəcəyimə ümid edirəm. Onların hansı müqavimət və həmrəylik strategiyalarını tətbiq etdiklərini və ya tarixdən onlara nələrin ötürüldüyünü öyrənmək mənim üçün maraqlıdır.

– Sizin fikrinizcə, yazmaq bir terapiya formasıdır, yoxsa sadəcə hadisələri sənədləşdirmək və yaddaşa köçürmək üsuludur?

-Mənim üçün yazmaq müəyyən təcrübələr, suallar və şərtlərlə barışmaq üsuludur. Bəzən sözlər axtarıb tapmaq, nəsə bir şeyi kağıza köçürə bilmək rahatlıq, bəlkə də şəfa verir. Lakin məncə, mətnlərin mənim üçün deyil, oxucu və ya daha böyük icma üçün nə ifadə etməsi daha vacibdir.

– “Qadınlar və daşlar”dan sonra Regina Dürigin yaradıcılığında hansı yeni istiqamətlər görünür? Hazırda üzərində işlədiyiniz və ya planlaşdırdığınız yeni bir “səssizlik” və ya “səs” varmı?

-Hazırda tamamilə fərqli bir şey üzərində işləyirəm – bu, gözəllik sənayesində cərəyan edən distopik bir romandır…

Söhbətləşdi: Samiq İbayev

 

Paylaşın: