Description
YOZEF BANAŞ (1948) əsərləri ən çox satılan və xaricə dilə tərcümə olunan slovakiyalı yazıçılardan biridir. 2011-ci ildə yazdığı “Entuziazm Zonası” 2023-cü ildə Alatoran Nəşriyyatında çapdan çıxıb.
Yozef Banaş bu günə qədər qırx dörd kitab yazıb, onlardan iyirmi beşi xaricdə çap olunub. 55 mindən çox nüsxəsi satılan “Kod 9” romanı slovak ədəbiyyatı tarixində ən uğurlu əsərlərdən biri sayılır. O hər il iyirmidən çox ölkəyə səfər edir, oxucularla görüşlər keçirir. Den Braun onu “həqiqət axtaran adam” adlandırır, Hindistanın Kəşmir bölgəsində görüş zamanı isə XIV Dalay Lama onun insanları birləşdirmək səylərini xeyir-dua ilə qarşılayıb.
Parlaq sahibkar və ictimai islahatçı Tomas Batanın həyat hekayəsi heyrətamiz, ilhamverici, bəzən inanılmaz və öz zamanəsinin fövqündədir. Onu tez-tez Stiv Cobs və İlon Mask kimi dünyaşöhrətli şəxsiyyət və vizyonerlərlə müqayisə edirlər. Onu məşhur edən ayaqqabıları – istehsal etdiyi məhsullar deyil, müştəriyə xidməti və işçilərinə olan yanaşması idi. Onun məqsədi biznes qurmaq deyildi, insan yetişdirmək idi. Buna görə də o bir sahibkardan daha çox psixoloq idi – öz fəlsəfəsi və şəxsi nümunəsi ilə cəmiyyətin inkişafına və çoxsaylı insanların həyatına dərin təsir göstərmişdi. Çünki Bata insanların qəlbini qazanmağı bacarırdı. Tomas Batanın mirası zamansızdır və bəlkə də, bu gün əvvəlkindən daha aktualdır.
Əziz oxucular, əlinizdə tutduğunuz bu roman Tomas Batanın şəxsiyyətini olduqca ilhamverici bir şəkildə təqdim edir. Onun həyatı gözlərinizin önündə bir film kimi canlanır, hadisələrin birbaşa iştirakçısı olduğunuzu hiss edirsiniz – sevinc, kədər, qürur və sevgi duyursunuz, amma hər şeydən əvvəl bu əsərin sizə ilham verdiyini hiss edirsiniz. Bu roman sizi yatmağa, passiv həyat keçirməyə qoymayacaq. Tomas Bata da məhz belə biri idi – o, insanları ruhlandıra və onları hərəkətə gətirə bilirdi. Bu kitabın sizə həyatı dolu-dolu yaşamanız üçün enerji və cəsarət verəcəyi şübhəsizdir.

