Description
Faciəli bir keçmişin fonunda qurulan ümidli gələcək…
Uşaqlar və yeniyetmələr üçün yazılmış bu gözəl distopik roman Thea Beckmanın ən tanınmış əsərlərindən biridir. 1985-ci ildə yazılmış “Yer Ananın Övladları”, texnoloji inkişafların və insan ehtiraslarının Yer kürəsini fəlakətə sürüklədiyi gələcək dünyada, ümidverici bir cəmiyyətin qurulması ideyasını araşdırır.
Roman qlobal bir fəlakətdən – Yerin oxunun dəyişməsindən sonra yaranmış yeni dünya nizamında baş verir. Fəlakətdən sonra cəmiyyətlər bir çox sahədə yenidən qurulub. Əsərin mərkəzində yer alan Tule adlı uydurma ada cəmiyyəti, hazırkı Qrenlandiya torpaqlarında soyuq iqlimin dəyişərək yaşanacaq bir mühitə çevrilməsindən sonra formalaşır. Bu yeni dövrdə Tule cəmiyyəti qadınların rəhbərliyi ilə sülh və bərabərliyə əsaslanan bir yaşam tərzi qurub.
Hadisələr militarist və kişi-üstünlükçü Batı İberiya imperiyasının Tuleyə təcavüz etməyə cəhd etməsi fonunda cərəyan edir. İki fərqli dəyərlər sistemi qarşı-qarşıya gəlir: bir yanda zorakılığa əsaslanan, patriarxal və işğalçı imperiya; digər yanda isə təbiətlə harmoniyada, demokratik və qadınların rəhbərlik etdiyi sülhsevər bir cəmiyyət.
Əsərin qəhrəmanları – tuleli gənclər və batı iberiyalı əsirlər oxucunu insanlıq, dostluq və dəyərlər haqqında düşüncələrə sövq edir. Roman yalnız bir gələcək hekayəsi deyil, həm də bu günün dünyası üçün mühüm mesajlar daşıyır: ekoloji tarazlıq, sosial bərabərlik, mədəni qarşıdurma və müharibənin əleyhinə bir çağırış.
Thea Beckman incə təxəyyülü, güclü qadın obrazları və gənc oxucunu düşünməyə təşviq edən dili ilə diqqət çəkir.

