Description
Rayner Mariya Rilkenin sizə təqdim etdiyimiz kitabının ilk bölməsində onun müxtəlif toplularından seçilmiş şeirləri yer alır.
1899-cu ildə qələmə aldığı “Kornet Kristof Rilkenin məhəbbəti və ölümü haqda nəğmə” mənsur poeması Rilkenin yaradıcılığında dönüş nöqtəsi hesab olunur. Bu poema 1912-1945-ci illər arasında alman ədəbiyyatının ən çox oxunan kitabı olub. Xüsusən İkinci Dünya Müharibəsi dövründə hər beş əsgərdən ikisi bu kitabı çantasında gəzdirirdi.
Sonuncu bölmədə isə Rilkenin ən məşhur əsəri olan “Duino elegiyaları” silsiləsindən üç elegiyanı təqdim edirik. 1912-ci ildə Rilke mənəvi sarsıntılar keçirirdi. Həmin dövrdə knyaginya Mariya fon Turn-und-Taksis Qoqenloenin dəvəti ilə Triyest şəhərindəki Duino qəsrinə qonaq gedir. Bir neçə ay orada yaşayan şair ilk elegiyanı elə həmin ildə qələmə alır. Sonuncu elegiyanı isə on ildən sonra – 1922-ci ildə tamamlayır. Əksər tənqidçilər tərəfindən bu onillik dövr Rilkenin şəxsiyyət və şair kimi formalaşdığı dövr olaraq qəbul edilir. “Duino elegiyaları” ilə “Orfey üçün sonetlər” Rilkenin iki ən vacib əsəridir.
Bu kitab Rilkenin azərbaycandilli oxucularla toplu şəklində ilk görüşüdür…