Description
Nodar Maçaraşvili çağdaş gürcü nəsrinin parlaq nümayəndələrindən biridir. O, “Yaman söhbətlər”, “Qalileyalı balıqçı”, “Moskva-Tbilisi” və “Kvazi Modonun şəhəri” kimi romanların müəllifidir. Gənc yaşına baxmayaraq yazıçının əsərləri dünyanın bir neçə dilinə tərcümə edilib. Eyni zamanda, Nodar Maçaraşvili böyük gürcü yazıçısı, “Mən, nənəm, İliko və İllarion”, “Ağ bayraqlar”, “Günəşli gecə”, “Əbədiyyət qanunu” və “Kukaraça” kimi əsərləri ilə azərbaycan oxucusuna yaxşı
tanış olan Nodar Dumbadzenin nəvəsidir, daha doğrusu, oğul əvəzidir. Nodar Dumbadzenin hələ gənclik illərində beş yaşlı oğlu qızılca xəstəliyindən vəfat edir. Yazıçının qızı Ketevean o zaman atasına söz verir ki, mən ərə gedəndə bir oğlan doğacağam, adını da Nodar qoyacağam, həmin
oğlan da olacaq mənim qardaşımın, sənin dünyasını dəyişən oğlunun əvəzi. Keteveanın bu arzusu gerçəkləşir, oğlunun adını da vəd etdiyi kimi Nodar qoyur. Həmin oğlan böyüyüb babası kimi adlı-sanlı yazıçı olur. Nəvə Nodarın əsərləri Azərbaycan dilində ilk dəfə nəşr olunur.
Oxucunun ixtiyarına verilən roman iki mədəniyyətin kəsişdiyi nöqtədə baş verən iki gəncin – vətənindəki ixtişaşlardan yayınaraq Parisə, sevdiyi qızın arxasınca qələn gənc ərəb boksçusu Cahanın və fransız qızı Miminin məhəbbətindən, ətrafdakı hadisələrin bu günahsız insanların taleyinə necə təsir etməsindən bəhs edir.

