Description
Luis Paul Boonun müəllifi olduğu “Kapella yolu” XX əsr flamand ədəbiyyatının ən mühüm və yenilikçi romanlarından biridir. Əsərin mərkəzində yoxsul məhəllədə böyüyən Ondinenin uşaqlıqdan yetkinliyə uzanan həyatı dayanır. Onun varlanmaq, cəmiyyət içində yüksəlmək və öz taleyini dəyişmək arzusu ailəsinin, yaşadığı mühitin və dövrün sərt sosial reallıqları ilə toqquşur.
Roman yalnız bir qəhrəmanın həyat hekayəsindən ibarət deyil. Müəllif əsərdə yazıçının özü və dostları arasında gedən müzakirələri, Villemin “Tülkü Reynard”ı və Nivardın “İsenqrimus”u haqqında satirik hekayələri, siyasi və ictimai hadisələri, sənət və ədəbiyyat barədə düşüncələri bir araya gətirərək çoxqatlı və eksperimental bir mətn yaradır. Realizm, satira, folklor elementləri bir-birinə qarışaraq insan tamahkarlığı, hakimiyyət hərisliyi, sosial ədalətsizlik, ikiüzlülük və idealların tənəzzülü kimi mövzuları dərin ironiya ilə təqdim edir.
Ənənəvi roman quruluşunu dağıdan “Kapella yolu” oxucunu yalnız hadisələri izləməyə deyil, həm də yazı prosesinin özünü müşahidə etməyə dəvət edir. Müasir Avropa ədəbiyyatının qabaqcıl nümunələrindən sayılan bu əsər insan təbiəti, cəmiyyət və sənətin mahiyyəti haqqında düşündürücü suallar doğurur.

