Description
Nodar Dumbadze (1928-1984) – ona gürcü ədəbiyyatının sönməz günəşi deyirlər. Onun bütün əsərlərinin baş qəhramanı da məhz günəşdir. Bəli, günəş bu azman yazıçının personajlarının həm qəlbində, həm də başının üstündədir.
Onun romanlarında gecələr də günəşli olur. Təsadüf deyil ki, əsərlərindən biri “Günəşli gecə”, bir başqa romanı isə “Mən günəşi görürəm” adlanır. “Günəş” sözünü başlığa çıxarmadığı əsərlərdə də günəş heç zaman batmır, ilk sətirdən son sətirə qədər mətnə işıq saçır.
Həmin günəş bu kitabda təqdim olunan “Əbədiyyat qanunu” və “Mən, nənəm, İliko və İlarion” romanlarında da personajlarla birlikdə yaşayır, onların yuxularına belə nur saçaraq sevinclərini və qəmlərini bölüşür. Nodar Dumbadzenin qələmi insan ruhunun ən gizli qatlarına qədər hər şeyi əhatə edir; bu əsərlər elə bir səmimiyyətlə yazılıb ki, sanki hər səhifədə onun səmimi gülüşünü, həzin baxışını hiss edirsən. Yazıçı sevinclə kədəri, sevgi ilə acını son dərəcə ustalıqla bir-birinə hopduraraq oxucunu valeh edir.
“Mən, nənəm, İliko və İlarion” kimi əsərləri ilə dünyanı heyran qoyan bu nasir, təkcə gürcü insanının deyil, istənilən bəşər övladının duyğularına güzgü tutur. Nodar Dumbadze elə bir miras qoyub ki, onun hər bir əsəri günəş kimi əsrlər boyu parlayacaq.
Nasirin sonuncu romanı “Əbədiyyat qanunu” Azərbaycan oxucularına ilk dəfə dəqdim olunur; adı bəlli “Mən, nənəm, İliko və İlarion” isə ilk dəfədir ki, dilimizə birbaşa orijinaldan tərcümə olunub.